Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Kitabxana Informasiya Mərkəzinin əsasnaməsi

Kitabxana Informasiya Mərkəzinin əsasnaməsi
Son dəyişiklik:

  

                                               

 

 

 

 

 

 

KİTABXANA  İNFORMASİYA  MƏRKƏZİNİN

Ə S A S N A M Ə S İ

      Bu əsasnamə Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 5 iyul tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” əsasında tərtib edilmişdir.

1. Ümumi müddəalar

1.1. Kitabxana İnformasiya Mərkəzi (bundan sonra - KİM) universitetin əsas struktur bölmələrindən biri olaraq, tədris, elmi-tədqiqat və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.

1.2. KİM  öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" və "Təhsil haqqında" qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, digər aidiyyəti orqanların müvafiq normativ-hüquqi aktlarını, eləcə də tərkibində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin rəhbərliyinin əmr və göstərişlərini, həmin ali təhsil müəssisəsinin nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.

1.3. KİM-in fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər (bundan sonra - oxucular) tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

1.4.  KİM-in fondu və informasiya resursları əsasında göstərilən xidmət növləri, xidmət şəraiti, soraq-biblioqrafiya aparatından istifadə qaydaları haqqında məlumatlar oxuculara bukletlər, müxtəlif çap məhsulları və elektron informasiya vasitələri ilə təqdim edilir.

1.5. KİM-in elmi-metodiki təminatı Azərbaycan Milli Kitabxanası və elmi-metodik mərkəz statusuna malik olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası tərəfindən həyata keçirilir.

1.6. KİM universitetin rektoruna tabedir.

1.7. KİM  universitetin adını və öz adını tam şəkildə əks etdirən blanka və kitabxana ştamplarına malikdir.

2. Kitabxana xidməti və onun vəzifələri

2.1. KİM  çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə olun­ma­sı məqsədi ilə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir.

2.2. Bu xidmətlər oxucuları ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində onlara kömək göstərmək məqsədini daşıyır.

2.3. Kitabxana informasiya xidməti abonement, oxu zalı, kitabxanalararası və beynəlxalq mübadilə, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, kompleks vasitələrlə təşkil edilir.

2.4. Kitabxana informasiya xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanılmasından, qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların oxucular arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşların yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

3. KİM-in hüquqları

3.1. KİM-in hüquqları aşağıdakılardır:

3.1.1. dövlət proqramları əsasında nəşr olunan kitabları əldə etmək və elmi-metodik ədəbiyyatı nəşr etdirmək;

3.1.2. KİM-in qarşısında duran vəzifələri həll etmək üçün təhsil-ixtisas proqramları, tədris planları ilə, universitetdə  aparılan elmi-tədqiqat işlərinin mövzuları üzrə materiallar və məlumatlarla tanış olmaq;

3.1.3. kitabxana informasiya işinə həsr olunan respublika, regional və beynəlxalq səviyyəli müsabiqə, konfrans və digər tədbirlərdə iştirak etmək;

3.1.4. müxtəlif idarə və təşkilatlar tərəfindən informasiya-biblioqrafiya fəaliyyəti ilə əlaqədar keçirilən elmi konfrans, müşavirə, seminar və təlimlərin işində universiteti təmsil etmək;

3.1.5. kitabxana işinin inkişafını təmin etmək məqsədi ilə xarici dövlətlərin kitabxanaları, digər idarə və təşkilatları ilə mövcud qanunvericiliyə uyğun olaraq əməkdaşlıq etmək, o cümlədən:

3.1.5.1. müvafiq beynəlxalq təşkilatlara üzv olmaq;

3.1.5.2. beynəlxalq kitab və informasiya mübadiləsi aparmaq;         

3.1.5.3. beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

3.1.6. qanunvericilik əsasında fəaliyyət göstərən kitabxana birliklərinə, konsorsiumlara daxil olmaq;

3.1.7. KİM-in ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün müxtəlif fondların qrant proqramlarında iştirak etmək və qrantlar qazanmaq;

3.1.8. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nın 26-cı hissəsinə uyğun olaraq), onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək;

 3.1.9. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunla müəyyən olunmuş qaydada KİM-in fondundan çıxartmaq;

 3.1.10. Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsullarını və digər materialları bir kitabxanadan başqasına əvəzsiz vermək və almaq;

 3.1.11. sənədləşmə işlərini aparmaq, plan və hesabat hazırlamaq, öz fəaliyyəti və digər məsələlər haqqında aidiyyəti orqanlara məlumat və hesabat vermək.

4. KİM-in vəzifələri

4.1. KİM-in vəzifələri aşağıdakılardır:

4.1.1. KİM-in fondunu və informasiya resurslarını universitetin profilinə, məqsə­dinə, oxucuların informasiya tələbatına uyğun elmi əsaslarla formalaşdırmaq, o cümlədən:

4.1.1.1.məlumat-biblioqrafiya aparatını və elektron-məlumat bazalarını təkmilləşdirmək;

4.1.1.2. KİM-in fondunun tədricən müasir informasiya daşıyıcılarına köçürülməsini təmin etmək;

4.1.1.3. istifadəçilərin elektron-məlumat bazalarından (internet və s.) maksimum istifadəsi üçün real şərait yaratmaq;

4.1.2.  kitabxana informasiya işini təkmilləşdirmək və müasirləşdirmək, o cümlədən:

4.1.2.1. kitabxana informasiya xidmətinin keyfiyyətini yüksəltmək;

4.1.2.2. yeni xidmət formalarını tətbiq etmək;

4.1.2.3. kitabxananın maddi-texniki təchizatını yaxşılaşdırmaq;

4.1.2.4. elektron kitabxana xidmətini genişləndirmək;

4.1.3. universitetin  apardığı təlim-tərbiyə və maarifləndirmə işində fəal iştirak etmək, tələbələrə elmi dünyagörüşü, vətəndaş məsuliyyəti və yüksək mədəniyyət aşılamaq, onların mənəvi, estetik tərbiyəsinin formalaşdırılmasına və elmi fəaliyyətinin genişləndirilməsinə təsir göstərmək;

4.1.4. oxucuların ənənəvi və elektron sənədlərə olan tələbatını tam ödəmək məqsədi ilə digər kitabxanalarla, elmi-texniki informasiya orqanları ilə, müəssisələrlə koordinasiya və kooperasiya yolu ilə əlaqə yaratmaq;

4.1.5. KİM-i ali təhsil müəssisəsinin tədris, elmi və mədəni həyatının mərkəzi kimi inkişaf etdirmək;

4.1.6. KİM-in fəaliyyətinin genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi məqsədi ilə reklam və marketinq tədbirlərini həyata keçirmək;

4.1.7. KİM  səlahiyyəti daxilində  (ayrı-ayrı oxuculara və müəssisələrə ödənişli xidmətlər - ədəbiyyat axtarışı və siyahıların tərtibi, tərcümə, kompüterdə yazmaq, ksero sürətlərin çıxarılması, dissertasiyalar üçün ədəbiyyat siyahılarının tərtibi, faktik məmulatlarla təmin etmək və s.) təsərrüfat fəaliyyətini daha da təkmilləşdirmək, əmək şəraitini yaxşılaşdırmaq, komfort kitabxana mühiti yaratmaq və əlverişli kitabxana informasiya xidmətini həyata keçirmək;

4.1.8. dövlətin daxili və xarici siyasətini, xalqımızın tarixini və mədəni irsini, Azərbaycan və dünya alimlərinin elmi nailiyyətlərini təbliğ etmək;

4.1.9. dövlət təhsil standartlarını, tədris planlarını və elmi-tədqiqat mövzularını əhatə edən kitabxana informasiya fondu formalaşdırmaq;

4.1.10. tədris, elmi, bədii, dövri, məlumat və digər nəşr növlərini, həmçinin elektron məlumat bazalarını, videofilmləri və digər məlumat mənbələrini əldə etmək;

4.1.11. müstəqil şəkildə kitabxana informasiya fondunun komplektləşdirilməsi mənbələrini müəyyən etmək, xarici ölkələrin müəssisə və təşkilatları ilə beynəlxalq kitab mübadiləsini təşkil etmək, tammətnli elektron kitabxana yaratmaq, universitetin profilinə uyğun elektron məlumat bazalarından istifadəni təşkil etmək;

 4.1.12. KİM-in strukturunu daim təkmilləşdirmək, fondun uçotunu və yerləş­dirilməsini, müvafiq rejimdə saxlanılmasını, bərpa edilməsini və mühafizəsini təmin etmək;

 4.1.13. abonementlərdə, oxu zallarında, o cümlədən elektron oxu zallarında və digər xidmət bölmələrində oxuculara vahid istifadəçi bileti əsasında fərdi xidmət göstərmək;

 4.1.14 KİM-dən istifadə qaydalarına uyğun olaraq, bütün kateqoriyalardan olan oxuculara kitabxana, biblioqrafiya və informasiya xidmətlərini göstərmək, o cümlədən:

  4.1.14.1. informasiya mənbələri (kataloqlar sistemi, kartotekalar və elektron məlumat bazaları) haqqında oxuculara tam məlumat vermək;

  4.1.14.2. ədəbiyyat seçimində, məlumat axtarışında oxuculara kömək göstərmək;

  4.1.14.3. fondda saxlanılan çap məhsullarını və digər sənədləri müvəqqəti istifadə üçün oxuculara vermək;

  4.1.14.4. elektron texnologiyalardan istifadə etməklə, kitabxanalararası abonement vasitəsilə oxucuların sorğularını cavablandırmaq üçün sənədlər əldə etmək;

  4.1.14.5. universitetin apardığı tədris, elmi-tədqiqat və tərbiyə işlərinə kömək məqsədi ilə informasiya mənbələrindən səmərəli və məqsədyönlü istifadə üçün biblioqrafik göstəricilər, ədəbiyyat siyahıları, mövzu, faktoqrafik, ünvan və digər formada arayışlar vermək;

  4.1.14.6. oxucuların məlumata olan tələbatını optimal şəkildə ödəmək və ya informasiyanı onların elektron ünvanına göndərmək;

  4.1.14.7. universitetin rəhbərliyinin və struktur bölmələrinin sifarişinə əsasən lazımi sənədlərin surətini çıxartmaq;

  4.1.15. KİM-in və universitetin elektron resurslarının, korporativ kataloqların, ölkədaxili və xarici ölkə kitabxanalarının, digər informasiya mənbələrinin istifadəsini internet vasitəsilə təşkil etmək;

  4.1.16. informasiyanın fərdi, kütləvi forma və metodlarından istifadə etməklə, universitetin fəaliyyətində iştirak etmək, o cümlədən:

4.1.16.1. informasiya günü, kafedra günü, diplomçu günü və s. təşkil etmək;

4.1.16.2. mövzu sərgiləri və daimi fəaliyyətdə olan sərgilər təşkil etmək;

4.1.16.3. reklam bukletləri, informasiya vərəqələri hazırlamaq;

  4.1.17. tədris və elmi-tədqiqat prosesinə kömək göstərmək məqsədi ilə informasiya yeniliklərini tətbiq etmək, tələbələrə kitabxananın soraq-məlumat aparatından, müxtəlif məlumat sistemlərindən, elektron məlumat bazalarından istifadə etmək mədəniyyətini aşılamaq, lazımi məsləhətlər vermək;

  4.1.18. elektron resursların mühafizəsinin və onların legitim istifadəsinin təşkilini aşağıdakı yollarla təmin etmək:

4.1.18.1. Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları əsasında və müəllif hüquqlarına riayət etməklə;

4.1.18.2. elektron informasiya portalının sənədlərindən istifadə edərkən, təşkilati-hüquqi qaydalara riayət etməklə;

4.1.18.3. universitetin elektron məlumat bazasından və arxiv sənədlərindən zəruri informasiyanı əldə etməklə;

4.1.18.4. oxucuların informasiya resurslarından məhdudlaşdırıcı hüquq və rejimlə istifadəsini parol sistemi ilə təşkil etməklə;      

4.1.18.5. proqram təminatını və elektron resursları daim yeniləşən antivirusla qorumaqla;

  4.1.19. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq, kitabxananın fondunda saxlanılan mədəniyyət nümunələrinin milli mədəni sərvətlərə aid edilməsini müəyyənləşdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək və ekspertiza yolu ilə mədəni sərvətlər hesab edilən əlyazmaların, xüsusi əhəmiyyətə malik kitablar və kitabçaların, dövri mətbuat materiallarının, avtoqrafların, markaların, açıqcaların, mədəniyyət və tarix profilli arxiv sənədlərinin, not yazılarının, məktubların, elmi-tarixi yadigarların, nadir nəşrlərin müvafiq qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;

  4.1.20. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 14-cü hissəsinə uyğun olaraq, tarixi və mədəni abidələr kimi milli mədəniyyətimizi əks etdirən kitabları, informasiya resurslarını qoruyub saxlamaq, nadir nəşr və kolleksiyaların elektron uçotunu aparmaq, onları xüsusi və toplu kataloqlarda, elektron daşıyıcıların məlumat bazasında əks etdirmək;

  4.1.21. kitabxananın fondunun məzmununun tam açıqlanması məqsədi ilə kataloq və kartoteka sisteminin ənənəvi və elektron variantlarını davam etdirmək;

   4.1.22. elektron kitabxanaların toplu və korporativ kataloqlarının təşkilində, habelə korporativ kitabxana-informasiya şəbəkələrinin işində iştirak edərək, məlumat və soraq-biblioqrafiya xidmətini təkmilləşdirmək, elektron kataloq və digər məlumat bazalarını müntəzəm olaraq zənginləşdirmək;

  4.1.23. kitabxana informasiya fəaliyyətinin bütün istiqamətlərini təkmilləşdirmək məqsədi ilə elmi-tədqiqat, metodik işləri həyata keçirmək;

  4.1.24. kitabxana informasiya sahəsində innovasiya təcrübələrini, elmi-tədqiqat nəticələrini öyrənmək və KİM-in elmi-əməli fəaliyyətinə tətbiq etmək, oxucuların tələbatının təmin olunması səviyyəsini təyin etmək üçün sosioloji  sorğular və s. tədqiqatlar aparmaq;

   4.1.25. KİM-in əməkdaşlarının yaradıcılıq potensialını və innovasiya fəaliyyətini inkişaf etdirmək, onların səmərəli və keyfiyyətli fəaliyyət göstərmələri üçün həvəsləndirmə sistemi yaratmaq.

5. KİM-in strukturu

5.1.KİM-in strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.22-ci bəndinə uyğun olaraq KİM-in rəhbəri tərəfindən hazırlanır, universitetin elmi şurası tərəfindən müzakirə olunur, universitetin rəhbəri (rektoru) tərəfindən təsdiq edilir.

5.2. KİM tədris prosesi və elmi-tədqiqat işlərinin təşkilində, onların həyata keçirilməsində bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin elmi şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirir.

5.3. KİM-ə universitetin rektoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir. KİM-in direktoru universitetin elmi şurasının tərkibinə daxil edilir.

5.4. KİM - də elmi-praktik fəaliyyətin tənzimlənməsinə, əməkdaşların davamiyyətinə və nizam-intizamına nəzarət inzibati idarəetmə yolu ilə həyata keçirilir. İnzibati idarəetməyə  KİM-in direktoru, direktorun müavini, şöbə müdirləri və bölmə müdirləri daxildir.

5.5. Universitetin rektoru KİM-in direktorunun təqdimatına əsasən KİM-in əməkdaşlarını işə qəbul və işdən azad edir.

5.6. KİM-in əməkdaşları ilə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tərtib edilmiş əmək müqaviləsi əsasında tənzimlənir.

5.7. KİM -in əməkdaşları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilirlər.

5.8. KİM-in strukturu və ştat cədvəli universitetin nizamnaməsinə və kitabxananın statusuna uyğun olaraq formalaşdırılır və universitetin rektoru tərəfindən təsdiq edilir.

5.9. KİM-in ştat cədvəli və əməkdaşlarının vəzifə maaşları Vahid Tarif Cədvəlinə əsasən təyin edilir və rektorun əmri ilə təsdiq olunur.

5.10. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, kitabxanaların statusu və spesifik xüsusiyyətləri nəzərə alınmaqla, işçilərə əmək haqqından əlavə digər ödənişlər də tətbiq edilə bilər.

5.11. KİM-in iş rejimi mövcud əmək qanunvericiliyi və universitetin nizamnaməsi ilə müəyyənləşdirilmiş daxili nizam-intizam qaydalarına uyğun şəkildə təmin edilir.

6. KİM-in əlaqələri

6.1. KİM öz təşkilati-icraçı, yaradıcı və xidməti fəaliyyəti ilə əlaqədar universitetin rektorundan əmr, sərəncam və göstərişlər alır.

6.2. KİM universitetdə təhsilin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi üçün üzərinə düşən məsələləri menecment sisteminin təşkilati strukturuna daxil olan ali təhsil müəssisəsinin rəhbərliyi, fakültələri, kafedraları və digər bölmələri ilə qarşılıqlı əlaqədə həll edir.

6.3. KİM universitetin idarəetmə və koordinasiya məşvərətçi orqanlarında, elmi şurasında, redaksiya-nəşriyyat şurasında və digər idarəetmə strukturlarında təmsil olunur.

6.4. KİM öz fəaliyyətində elmi-texniki informasiya orqanları, digər kitabxanalar, arxivlər, nəşriyyatlar, müxtəlif müəssisə, təşkilat və idarələrlə dövlət proqramları və müqavilələr əsasında qarşılıqlı əlaqə yaradır.

7. KİM-in maliyyələşdirilməsi mənbələri və maddi-texniki təminatı məsələləri

7.1. KİM universitetin büdcəsi, qazanılmış qrantlar və qanunvericiliyə zidd olmayan digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.

7.2. universitetin rəhbərliyi:

7.2.1. KİM- i maliyyələşdirir və qanunvericilik çərçivəsində onun maliyyə fəaliyyətinə nəzarət edir;

7.2.2. KİM- in komplektləşdirilməsinin zəmanətli maliyyələşməsini təmin edir;

7.2.3. qüvvədə olan normativ aktlara uyğun olaraq, KİM-i elektron-informasiya, surətçıxarma, kommunikasiya texnikası, zəruri avadanlıq və materiallarla, eləcə də internetə çıxışla təmin edir.

8. KİM- in rəhbərliyinin və əməkdaşlarının məsuliyyəti

8.1. KİM-in rəhbərliyi və əməkdaşları KİM-in fondunun və informasiya resurslarının qorunmasına, KİM-ə ayrılmış maliyyə vəsaitinın təyinatı üzrə xərclənməsinə, maddi-texniki bazadan səmərəli istifadə edilməsinə görə cavabdehlik və məsuliyyət daşıyırlar.

8.2. KİM-in direktoru KİM-in qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsinə, əməyin mühafizəsinin təşkilinə və təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşıyır.

8.3. KİM-in direktorunun yazılı və şifahi göstərişlərinin icrası KİM-in əməkdaşları üçün məcburidir.

8.4.  KİM-in fonduna, informasiya resurslarına, maddi-texniki bazasına zərər vurmaqda günahkar hesab edilən KİM-in rəhbərliyi və əməkdaşları qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

8.5. KİM-in əməkdaşları KİM-in fondunun və informasiya resurslarının uçotu, mühafizəsi və istifadəsi qaydalarının pozulmasına görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

8.6. KİM-in direktoru vəzifəyə təyin və vəzifədən azad edilərkən, qanunvericiliklə müəyyən edilmiş  qaydada  KİM-in fondunu və əmlakını akt əsasında təhvil-təslim edir.

9. KİM-in oxucularının hüquqları və vəzifələri

9.1. KİM-in oxucularının hüquqları aşağıdakılardır:

9.1.1. KİM-in fondundan, soraq-biblioqrafiya aparatından, məlumat mənbələrinin axtarışına və əldə edilməsinə dair məsləhət xidmətindən istifadə etmək;

9.1.2. abonement və oxu zallarında olan nəşrləri və informasiya resurslarını əldə etmək və onlardan istifadə etmək;

9.1.3. KİM-in keçirdiyi tədbirlərdə iştirak etmək.

9.2. KİM-dən istifadə qaydaları və KİM tərəfindən göstərilən xidmətlər bu Əsasnamə, universitetin nizamnaməsi və "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında müəyyənləşdirilir.

9.3. Oxucuların vəzifələri aşağıdakılardır:

9.3.1. KİM-dən istifadə edilməsi qaydalarına əməl etmək;

9.3.2. müvəqqəti istifadə üçün verilən çap məhsullarına və informasiya resurslarına qayğı ilə yanaşmaq, onların yararsız hala salınmasına və ya itirilməsinə yol verməmək;

9.3.3. nəşr məhsullarını və informasiya resurslarını qəbul edərkən, onların qüsursuz olmasına əmin olmaq və hər hansı bir nöqsan aşkar etdikdə, bu haqda dərhal KİM-in əməkdaşlarına məlumat vermək;

9.3.4. vahid oxucu biletinə əsasən, abonementdən müvəqqəti istifadə üçün əldə etdikləri çap məhsullarının formulyarını imzalamaq;

9.3.5. abonementdən müvəqqəti istifadə üçün əldə etdikləri çap məhsullarını tədris ilinin sonunda qaytarmaq;

9.3.6. universiteti bitirdikdə və ya başqa ali təhsil müəssisəsinə köçürüldükdə, qeydiyyat kitabçasında KİM-ə  məxsus çap məhsullarının olmadığı barədə qeyd aparılmış dövriyyə vərəqəsini təqdim etmək.

9.4. Oxucular KİM-in fəaliyyətinin təbliğ edilməsinə və qiymətləndirilməsinə cəlb oluna bilərlər.

9.5. KİM-də  kitabxana -informasiya işi ilə əlaqəsi olmayan tədbirlərin keçirilməsinə icazə verilmir.

 

Yuxarı
  • Developed by: Ayaz Askerov